20 Yanvar milli oyanışın başlanğıcıdır Yan 19, 2024 | 11:01 / MÜHÜM HADİSƏLƏR

Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatına qarşı sovet imperiyasının törətdiyi qanlı yanvar hadisəsindən otuz dörd il ötür. Həmin gün dinc əhali tərkibində muzdlu əsgərlərin, erməni daşnaqlarının da olduğu xüsusi təyinatlı hərbi dəstələrlə üz-üzə qaldı. Xalqımızın vaxtilə məruz qaldığı tarixi ədalətsizliyi bərpa edərək istiqlalına qovuşmaq arzusundan təşvişə düşən imperiyanın xüsusi xidmət orqanlarının əliyalın camaatı ağır texnika və müxtəlif tipli silahlarla susdurmağa çalışması isə boşa çıxdı. O qanlı gecədə qətlə yetirilən oğul və qızlarımız rus ordusunun müşaiyət etdiyi tankların qarşısına canlı sipər kimi çıxaraq şəhidlik zirvəsinə yüksəldi.

Hadisə şahidi olan hər kəsin çaşqınlığına səbəb olan isə o idi ki, yetmiş il sovet imperiyasının əsarətində yaşayan Azərbaycan oğullarının xidmət etdiyi sovet ordusunun tankları öz torpağımızda bizə qarşı yönəldilmişdir. Bu qanlı cinayət əslində azərbaycanlıların tarixi torpaqlarından, İrəvandan daha bir kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlamışdır. Məhz həmin dövrdə SSRİ rəhbərliyi daşnaqçı ermənilərin uzun illərdən bəri başlatdığı ekstremist hərəkatına aşıq-aşkar havadarlıq edirdi. Bu himayədarlığın acı nəticəsi olan 20 Yanvar qırğınına ilk siyasi qiymət verən isə hadisənin mahiyyətini yaxşı bilən  Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli lider faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək baş vermiş qırğının əsas günahkarı kimi o zamankı respublika və SSRİ rəhbərliyini, ilk növbədə Qorbaçovu ittiham etdi. 1994-cü il martın 29-da Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar isə bu faciəyə dövlət səviyyəsində verilən tam siyasi-hüquqi qiymət idi. Ümumilikdə isə, milli kimliyimizin formalaşmasına həlledici təsir göstərən bu hadisə dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsi oldu.

Məhz bu hadisədən bir qədər sonra milli iradəmizi sarsıda bilməyən rus imperiyasının himayəsi ilə Qarabağ işğala məruz qaldı. Bu müharibədə də xalqımızın igid oğulları Şəhid oldu, qazilərimizin sayı artdı. Lakin ata-baba yurdundan məcburi köçkün düşən hər kəs öz elinə qayıdacağına inamını heç vaxt itirmədi.  Otuz ilə yaxın müddətdə işğal altında olan doğma torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən azad olundu. Bu zəfər xalqımızla dövlət başçısının, ordumuzun birliyinin təcəssümü kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Yola saldığımız 2023-cü il isə qısa zaman kəsiyində Müzəffər Ordumuzun Ağdərə, Əsgəran, Xocalı, Xocavənd və Xankəndinin azad olunması ilə yadda qalan daha bir tarixi zəfər ilinə çevrildi. İndi müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi və Şanlı Ordumuzun igidliyi sayəsində Xankəndidə və işğaldan azad edilmiş digər torpaqlarımızda Azərbaycan Bayrağı məğrur-məğrur dalğalanır, infrastruktur yenilənir, məktəblər, universitetlər bərpa olunur.   

Qanlı yanvar hadisəsindən düz otuz il sonra 2020-ci ildə başlanan əzəli torpaqlarımız uğrunda mücadilə, tarixi proseslər həmin gün qurban getmiş günahsız uşaqların, evinin həyətində, eyvanda, avtobus dayanacağında güllələnən əliyalın insanların qisasının alındığına dəlalət edir. Şahidi olduğumuz Azərbaycanın bu qürurverici müasir tarixini yazanlar isə dövlət başçımızın rəhbərliyi altında canlarını Vətənə fəda edən şəhidlərimiz, qazilərimiz, ümumilikdə bütün azadlıq uğrunda döyüşən əsgərlərimiz və xalqımızdır.

Hər il olduğu kimi bu il də 20 Yanvar faciəsinin ildönümündə təkcə respublikamızda deyil, dünyanın müxtəlif ölkələrində şəhidlərin xatirəsi dərin ehtiramla yad edilir, anım mərasimləri təşkil olunur. Respublikamızın elm və təhsil müəssisələrində, o cümlədən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında da xalqımızın müstəqillik əzminin sarsılmazlığını ifadə edən silsilə tədbirlər keçirilir, qanlı yanvar hadisəsiylə bağlı faktlar, tarixi təfərrüatlar dünya ictimaiyyətinə çatdırılır. Rəsədxananın kollektivi Şəhidlər Xiyabanına gedərək al qərənfillərlə əhatə olunmuş şəhidlərimizi ziyarət edir, məzarları önünə tər çiçəklər düzürlər.

Xalqımızın ilk azadlıq carçıları, qanlı yanvar faciəsinin qurbanları ümummilli mənafeyimizin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində parlaq səhifə açan istiqlal fədailəri qorxmazlıq mücəssəməsi kimi daim qəlbimizdə yaşayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.