Ceyms Veb kosmik teleskopu Uranın indiyədək ən detallı şəklini çəkib Dek 21, 2023 | 14:12 / ASTRO XƏBƏRLƏR

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) verdiyi xəbərə görə “James Webb” (Ceyms Veb) teleskopunun yaxın infraqırmızı kamerası (NIRCam) Uranın ən detallı şəkillərini çəkib. Belə ki, ilk dəfə olaraq, Ceyms Vebin  kamerasında planetdə baş verən fırtınaların və buludların bütün detalları və ən zəif seçilən Zeta halqası əks olunub.

Məlumat üçün bildiririk ki, ilk  fotoşəkili 1986-cı ildə Voyager 2 tərəfindən alınan buz nəhəngi, həmin fotoda böyük mavi topa bənzəyir.  Nəhəng qasırğalar tüğyan edən Yupiter və Saturnun şəkilləri ilə müqayisədə mavi duman ilə örtülmüş Uranın fotosu çox maraqsız və stabil görünürdü. Həmin foto optik diapazonda çəkilmişdi. Yaxın infraqırmızı oblastda işləyən Ceyms Veb isə füsunkar atmosfer xüsusiyyətləri ilə dolu qəribə və dinamik buzlu dünyanı ortaya qoymuş oldu.

Bu, Uranın cari il ərzində Ceyms Veb tərəfindən çəkilmiş ikinci şəklidir. Aprel ayında 1,4 və 3,0 mikron infraqırmızı dalğa uzunluqlarında çəkilmiş təsvirlərə digər dalğa uzunluqlarında, xüsusilə 2,1 və 4,6 mikron diapazonda çəkilmiş şəkillər də əlavə olunaraq daha çox informasiya daşıyan şəkil hazırlanıb.

NASA bildirib ki, - “Uran atmosferində ən diqqət çəkən hadisələrdən biri planetin şimal qütbünün mövsümi bulud örtüyüdür. Yeni şəkillərdə bəzi detalları - parlaq ağ daxili qapaq və altındakı tünd zolağı görmək daha asandır. Qütb qapağının cənub kənarının altında bir neçə parlaq fırtına da görünə bilər. Bu tufanların sayı, Uranın atmosferində nə qədər tez-tez və harada baş verməsi mövsümi və meteoroloji təsirlərin birləşməsindən qaynaqlana bilər.

Planetin atmosferinə əlavə olaraq, teleskop Uranın halqalarını, hətta ən zəiflərini, o cümlədən digər teleskoplar üçün çətin olanı – “Zeta”nı ayırmağa imkan verib. Həmçinin planetin 27 peykinin əksəriyyəti, o cümlədən halqaların içərisində yerləşənlər də fotoda görünür.

Növbəti illərdə planetin daha yaxından tədqiqi üçün layihələr hazırlanır. Uranın tədqiqi zamanı əldə olunacaq yeni məlumatlar Urana oxşar, lakin Günəş sistemindən kənarda yerləşən planetlərin öyrənilməsinə kömək edəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.