“Günəş sisteminin planetləri” kitabının təqdimatı keçirilib Yan 31, 2018 | 17:01 / TƏDBİRLƏR

Yanvarın 31-də AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı bölməsində rəsədxananın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayinin müəllifi olduğu “Günəş sisteminin planetləri” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev açaraq kitab haqqında tədbir iştirakçılarına ümumi məlumat verib. Bildirib ki, kitabda Mars planetinin öyrənilməsində əvəzsiz rolu olmuş Nadir İbrahimovun apardığı elmi tədqiqat işlərinə geniş yer verilib.

Sonra kitab haqqında məruzə ilə çıxış edən fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi əvvəlcə dörd ilə yaxın müddət ərzində yazılan kitabın ərsəyə gəlməsində böyük rolu olmuş ŞAR-ın rəhbərliyinə, şöbə əməkdaşlarına, Qazaxıstan Respublikasında yerləşən Astrofizika Rəsədxanasının əməkdaşı V.D.Vdoviçenkoya, AMEA Fizika İnstitutunun əməkdaşı E.Yüzbaşova təşəkkürünü bildirib.

Müəllif qeyd edib ki, Latviyada nəşr olunan kitabda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında planet­lərin atmosferinin tədqiqi zamanı alınan mühüm elmi nəticələr haqqında məlumat verilib.               

Ə.Ətayi vurğulayıb ki, N.B.İbrahimovun Marsın inteqral spektrofotometrik və yüksək dispersiyalı spektral tədqiqatlarının nəticələri, ilk dəfə planetin ən böyük miqyaslı təsvirinin alınması, həmçinin, Veneranın qaranlıq tərəfində şüalanma xətlərinin müşahidəsi, onun atmosferində dərin qatların görunməsi və digər tədqiqatların nəticələri planetin kosmik aparatlarla öyrənilməsi zamanı təsdiqlənib:

“Yupiter və Saturnun spektrlərində udulma zolaqlarının incə quruluşunun tədqiqi onların atmos­ferinin kimyəvi tərkibinin dəqiqləşməsi və fiziki şəraitin aydınlaşmasına kömək etdi. ŞAR-ın 2-m-lik reflektorunda əldə edilən müşahidə nəticələri mövcüd elmi biliklər əsasında nəzəri olaraq izahını tapdı. Uran və Neptun planetlərinin spektrlərində eyniləşdirilməmiş yeni udulma zolaqları aşkar edildi və sadə atmosfer modelləri çərçivəsində müşahidə nəticələrini izah etmə­yin mümkün olmaması subut olundu”.

Daha sonra çıxış edən fizika-riyaziyyat elmləri doktoru Sabir Məmmədov, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İzzət Salmanov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bəhram Quluzadə və digər natiqlər Nadir İbrahimov haqqında xatirələrini bölüşüblər. 

Sonda çıxış edən N.İbrahimovun bacısı Şəkər İbrahimova kitabın ərsəyə gəlməsində rolu olan bütün əməkdaşlara, o cümlədən kitabın müəllifi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayiyə öz ailəsi adından dərin minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.