Rəsədxanada Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Anım günü tədbiri keçirilib Dek 12, 2023 | 11:12 / TƏDBİRLƏR

Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə sədaqət və xalqa əvəzsiz xidmət nümunəsi kimi Azərbaycanın şanlı tarixində silinməz izlər qoyan Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir nurudur ki, həmin nur daim Azərbaycanın gələcəyinə, dövlətimizin inkişaf yoluna işıq saçır. Bu gün, həmin dahi rəhbərin vəfatından 20 il keçir. Bu münasibətlə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) müasir Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin Anım günü tədbiri keçirilib. Tədbirdə rəsədxana rəhbərliyi, şöbə müdirləri, elmi və texniki işçilər olmaqla bütün ŞAR kollektivi iştirak edib.

Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və ictimai-siyasi fəaliyyətindən danışıb. O, qeyd edib ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər müasir Azərbaycanın tərəqqisinin bazisini təşkil edir. Bu illər ərzində Azərbaycançılıq ideologiyasını rəhbər tutaraq bütün sahələrdə cəmiyyətin inkişafı üçün yorulmadan çalışan uzaqgörən siyasətçi, ölkəni zamanın ağır və sərt sınaqlarından çıxardıb, bizlərə əmanət qoyub. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə hələ ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci Respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir. Azərbaycan gəncini "Azərbaycanın milli sərvəti" adlandırlan Ulu öndərin insan kapitalına etdiyi bu yatırım bu gün də öz töhfəsini verməkdədir. O dövrdə təhsil almaq üçün səfərbər edilən gənclər hazırda ölkəmizin, müstəqil dövlətimizin uğurlu inkişafını təmin, Azərbaycanı ölkədə və ölkədən kənarda ləyaqətlə təmsil edirlər. Bundan başqa, sovet hakimiyyətinin ən sərt dövründə 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına müvəffəq olan Heydər Əliyev, peşəkar hərbi kadr potensialının əsasını qoydu ki, sonradan həmin kadrlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpasında böyük rol oynadılar.

Namiq Cəlilov bildirib ki, hər addımı gələcəyə, Azərbaycanın tərəqqisinə hesablanmış təşəbbüslərdən biri də Bakı Dərin Özüllər Zavodunun Azərbaycanda tikilməsidir. Bu müəssisə keçmiş SSRİ-nin başqa bir şəhərində tikilməli idi, həmin qərarı dəyişdirmək, belə nadir bir zavodun məhz Azərbaycanda inşa edilməsinə nail olmaq yalnız Heydər Əliyevin iradəsi və nüfuzu sayəsində mümkün oldu. Müstəqillik illərində isə məhz bu zavod "Əsrin Müqaviləsi"nin imzalanmasında təməl oldu.

Daha sonra tədbirdə bir sıra rəsədxana əməkdaşları da çıxış edərək Ulu öndərin Anım günü ilə bağlı təəssüratlarını bölüşüblər. Heydər Əliyev dühasının çoxşaxəli fəaliyyətinin aspektlərindən danışıblar. Onun elm və elm adamlarına diqqət və qayğısı, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasını ziyarəti və astronomların rifahı üçün həyata keçirdiyi işlər xüsusi vurğulanıb. 

Tədbirə Ümummilli liderin 1-ci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət etməklə yekun vurulub. Rəsədxana əməkdaşları tərəfindən Ulu öndərin məzarı önünə tər çiçəklər qoyulub.

Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün xidmətlərinə nəzər salarkən, hər təşəbbüsün bu günümüz üçün necə böyük əhəmiyyətə malik olduğunu görürük. Lakin həmin dövrdə onun etdiklərini etmək üçün güclü siyasi iradə, qətiyyət və böyük cəsarət tələb olunurdu. Bu gün həmin şəxsi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirməkdədir. Şamaxı Astrofizika Rəsədxanasının kollektivi olaraq, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevə Allahdan rəhmət, Azərbaycanın işıqlı gələcəyinin təminatçısı Prezident İlham Əliyevə cansağlığı diləyirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.