Struktur bölmənin adı: “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsi
Telefon: (+994 55) 300 69 14
Elektron poçt: nazimqaramamedli@mail.ru
Struktur bölmənin rəhbəri: Fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Nazim Əli oğlu Hüseynov
Əməkdaşların ümumi sayı: 13
“Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin əsas fəaliyyət istiqamətləri haqqında qısa məlumat
Şöbə əsas iki elmi istiqamət üzrə fəaliyyət göstərir:
1. Aktiv nüvəli qalaktikalar fizikası
2. Baş Ardıcıllığa çatma mərhələsində olan cavan ulduzlar fizikası
1-ci istiqamət üzrə Seyfert qalaktikalarında, kvazarlarda və digər qalaktikalarda baş verən fiziki dəyişmələrın səbəbləri araşdırılır. Bununla yanaşı, kataloq məlumatlarından istifadə etməklə müxtəlif morfoloji tiplərə aid qalaktikaların fiziki xassələrinin statistik təhlili aparılır, həmin qalaktikalarda ulduzəmələgəlmə prosesinin digər parametrlərlə (kütlə, yaş, qaz və tozun miqdarı və s.) əlaqəsi öyrənilir. Son dövrdə bu istiqamətdə alınmış mühüm nəticə NGC 2617 Seyfert galaktikasında gözlənilmədən tipin dəyişməsinin spektroskopik yolla aşkar edilməsidir.
Bu tədqiqatların aparılmasında aşağıdaki metodlardan istifadə olunur:
Spektroskopiya–Zeyss 2000 teleskopu, spektroqraf Kanberra və CCD.
Alınan spektroqramlarin ilkin flat, bias, dark və fon – siqnallarından təmizlənməsi, və sonrakı ölçmə prosesi DECH paket programı ilə həyata keçirilir. Hazırda alınan spektrlər mütləq sel vahidlərində də verilə bilir və güclü şüalanma xətlərinin parametrləri təyin olunur.
Fotometriya – Zeyss 600 teleskopu, BVRİ standart fotometrik sistemi. Bu fotometrdə alınan təsvirlərin ölçüsü 17 bucaq dəqiqəsi təşkil edir. Normal hava şəraitində təxminən 40 dəq ərzində 15-ci ulduz ölçülü ulduzun BVRİ süzgəclərində bir dəfə parlaqlığını ölçmək mümkündür.
2-ci istiqamət üzrəT Buğa və Ae/Be Herbiq tipli cavan ulduzların spektral və fotometrik xassələri tədqiq olunur.
Müşahidələrdə aşağıdakı metodlardan istifadə olunur:
Parlaqlığı 10 mag –dan zəif olan T Buğa tipli ulduzlar üçün:
Spektroskopiya –Zeyss 2000 teleskopu, spektroqraf Kanberra və CCD
Fotometriya – Zeyss 600 teleskopu, BVRİ standart fotometrik sistemi
Parlaqlığı 9 mag –a qədər olan ulduzların müşahidəsi üçün:
Zeyss 2000 teleskopu və eşelle spektrometr + CCD
Bu spektrometrdə əməkdaşlar R=28000 ayırdetməsində λ3700-8000 Å diapazonunda işləyir.
Məsələn, parlaqlığı 8-mag olan ulduzları nörmal havada 2000 san signal toplama vaxtı ilə Hα yanında siqnal-küy nisbətini S/N~100 ilə almaq mümkündür. Şöbə eyni zamanda UAGS spektrometrində R=14000 ayırdetməli spektrlərin işlənməsini davam etdirir.
Materialların işlənməsi və ölçmələr DECH proqramında həyata keçirilir.
Fotometrik müşahidələr əsasən T Buğa ulduzları üçün həyata keçirilir. Alınan materiallar MAX DEL proqramında işlənir. Fotometrik tədqiqatlar üçün böyük zaman kəsiyində alınmış mövcud arxiv materiallarından da istifadə olunur.
Ae/Be Herbiq tipli ulduzlar üçün aşağıdakı aktual məsələlər üzərində işlənilir:
Məlumdur ki, Ae/BeHerbiq tipli ulduzlar aralıq kütləli (2-10 M⨀) obyektlər olan cavan ulduzlardır. Belə ulduzların tədqiqi ulduz astrofizikasının bir sıra problemlərinin həllində mühüm əhəmiyyətə malikdir. Məsələn, aralıq kütləli ulduzların ətrafında qalıq qaz-toz maddəsinin və diskin formalaşması (Veqa tipli ulduzlar), onların ətrafında planetlərin formalaşma mexanizmi, müşahidə olunan müxtəlif pekulyarlığa malik aralıq kütləli ulduzların yaranma səbəbləri aydın deyil. Bu ulduzlarda müşahidə olunan spektral və fotometrik fəallığın səbəbləri və mexanizmləri də indiyədək aydınlaşdırılmamış qalır.
Hazırda əksər tədqiqatçılar tərəfindən qəbul olunub ki, klassik T Buğa tipli (CTTS) ulduzlarda müşahidə olunan spektral və fotometrik aktivlik magnitosfer akkresiyası (MA) modeli ilə izah edilə bilər. Bu modellərin müxtəlif versiyaları işlənib hazırlanıb. MA modelində həlledici parametrlərdən biri ulduzda bir neçə kGs tərtibində güclü maqnit sahəsinin mövcud olmasıdır. Lakin ölçmələr göstərib ki, Ae/Be Herbiq tipli ulduzlarda maqnit sahələri cəmi bir neçə on Gs tərtibindədir, yəni çox kiçikdir. Halbuki, bu ulduzların aktiviliyi CTTS ulduzlarının aktivliyi ilə oxşardır.
Aparılan tədqiqatların əsas məqsədi aralıq kütləli cavan ulduzlarda mərkəzi ulduzla ulduzətrafı diskin qarşılıqlı təsirinin xarakterini öyrənməkdir. Məsələn, bu ulduzlarda T Buğa tipli ulduzlarda olduğu kimi maqnitosfer akkresiya modelinin işləyib-işləmədiyini yoxlamaq vacibdir. Bunun üçün uzun dövr ərzində spektral müşahidələr aparmaqla ulduz spektrində müşahidə olunan fotosfer və ulduzətrafı diskdə yaranmış spektral xətlərin parametrlərinin zamana görə dəyişməsini izləmək, bununla da ulduzla uluzətrafı maddənin qarşılıqlı təsiri mexanizmini tədqiq etmək mümkündür.
Son illər İL CepA, HD179218, HD200775 və AB Aur ulduzlarının bir neçə illik dövrünü əhatə edən spektral müşahidələr aparılıb. Aşkar olunub ki, bu ulduzlarda hidrogen xətlərinin parametrləri və profilləri bir neçə gündən bir neçə ilə qədər dövr ərzində dəyişir. Qısa müddətli dəyişmələrlə yanaşı bir neçə il ərzində hamar şəkildə dəyişmələr də aşkar olunub.
Şöbə Rusiya, Ukrayna, Almaniya, İspaniya və ABŞ astrofiziklərilə əməkdaşlıq edir. Hal-hazırda şöbədə iki dissertant cavan ulduzlar fizikası istiqaməti üzrə PhD dissertasiyası üzərində işləyir.
Şöbə əməkdaşları AR Prezidenti yanında EİF-in, TWAS beynəxalq təşkilatının, AMEA Rəyasət Heyətinin təsis etdiyi elmi müsabiqələrdə bir neçə qrant layihəsinin qalibi olub. Bundan əlavə əməkdaşlar müxtəlif beynəlxaq astronomik qurumların təşkil etdiyi simpoziumlarda və konfranslarda iştiraka görə səfər qrantları alıblar.