Struktur bölmənin adı:                       “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsi        

Telefon:                                                   (+994 50) 384 07 33

Elektron poçt:                                         janmamed@yahoo.com    

Struktur bölmənin rəhbəri:                   Astronomiya elmləri doktoru 

                                                                  Caməmməd Nizam oğlu Rüstəmov

Əməkdaşların ümumi sayı:                  14

 

 

Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin əsas fəaliyyət istiqamətləri haqqında qısa məlumat

 

 Şöbədə əsasən aşağıdakı iki mövzu üzrə elmi-tədqiqat işləri yerinə yetirilir:

1.  Geniş örtüklü ulduzların təkamül xüsusiyyətləri və ulduz küləyində qeyri stasionar proseslərin araşdırılması;

2.  Ulduzlarda maqnit sahəsi və kimyəvi anomallıqla bağlı effektlərin öyrənilməsi.

 

Birinci mövzu üzrə müxtəlif spektral siniflərə mənsub olan ifratnəhənglərin, təkamülün müxtəlif mərhələlərində olan sıx qoşa sistemlərin, Volf-Raye tipli ulduzların spektal və fotometrik tədqiqatları həyata keçirilir.

Məlumdur ki,  ifratnəhənglər əsasən qalaktika müstəvisində yerləşir, lakin qalaktika müstəvisindən xeyli aralıda da bu ulduzlara (məsələn 89 Her ulduzu kimi) rast gəlmək olur. Oların nəyə görə yüksək qalaktik enliklərdə yerləşməsi hələ izahını tapmamışdır.

ŞAR-ın 2 m-lik teleskopunda alınmış spektrlər əsasında 89 Her ulduzunun spektral xüsusiyyətləri araşdırılmış, onun kimyəvi tərkibi müəyyən edilmişdir. Xeyli ifratnəhəng ulduzun fiziki parametrləri (effektiv temperatur, səthində sərbəstdüşmə təcilinin qiyməti, radiusu, kütləsi) təyin edilmişdir. İfratnəhəng ulduzlar intensiv maddə itkisinə məruz qaldıqları üçün onların spetrində Ha xətti ciddi dəyişkənliyə uğrayır. Ha xəttinin dəyişkənliyini tədqiq etməklə ulduz küləyinin xarakteri haqqında mülahizə yürütmək olar. Digər tərəfdən fotosfer xətləri ilə örtük xətlərinin (məsələn Ha xəttinin) müqayisəli təhlili ulduzun fiziki modelini qurmaq nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bir sıra ifratnəhəngin spektrində Ha xəttinin dəyişkənliyi ətraflı araşdırılmış (məsələn 55 Cyg ulduzunu) və maraqlı nəticələr əldə edilmişdir. 

Təkamülün müxtəlif mərhələlərində olan  sıx qoşa sistemlər (məsələn: LZ Cep, HD206267, 19 Cep, WR 134, WR 136) araşdırılmış və maraqlı elmi nəticələr əldə edilmişdir. WR 134 ulduzunun qısamüddətli qeyri adi fotometrik dəyişkənliyi aşkar edilmişdir.

Tədqiqatların aktuallığı: O spektral sinfinə mənsub olan massiv ifratnəhənglər və Volf-Raye tipli ulduzlar ulduz küləyi vasitəsi ilə intensiv maddə itkisinə məruz qalırlar. Volf-raye tipli ulduzlar isə təkamülün son mərhələsində ifrat yeni kimi partlayaraq ulduzlararası mühiti ağır kimyəvi elementlərlə zənginləşdirir. Deməli, massiv O ulduzları və Volf-Raye ulduzları onların aid olduğu qalaktikanın ekologiyasını ciddi şəkildə dəyişdirir, ulduzlararası mühitdə ağır kimyəvi elementlərin miqdarını artırır. Bu isə öz növbəsində qalaktikada növbəti ulduzəmələgəlmə prosesində həlledici rol oynayır. Ulduzlararası mühitdə ağır kimyəvi elementlərin olması ulduzəmələgəlmə prosesində həlledici amildir. Beləliklə, massiv O ulduzları və ifratyeni ulduzlar mənsub olduqları qalaktikaların təkamülündə mühüm rol oynayır. Qalaktikalar isə kainatın əsas struktur elementləri olduğu üçün, bizim tədqiq etdiyimiz ulduzlar bütünlükdə Kainatın təkamülündə mühüm rol oynayır. Digər tərəfdən Volf-Raye tipli ulduzlar təkamülün son mərhələsində ifrat yeni kimi partlayır və ulduzun ilkin kütləsindən asılı olaraq neytron ulduzu və ya qara dəlik əmələ gəlir. Deməli, bu ulduzlar neytron ulduzlarının və qara dəliklərin törədiciləridir.

Bu tədqiqatların aparılmasında istifadə olunan qurğular və üsullar:

Spektral tədqiqatlar əsasən AMEA N.Tusi adına ŞAR-ın 2 m-lik teleskopunun Kasseqren fokusunda, lifli eşelle-spektrometri ilə 28 000  və 56 000 ayırdetmə ilə λ 3700-8000 Å spektral diapazonda alınmış eşelle-spektroqramlar əsasında aparılır. Eşelle-spektrogramların təhlili Rusiya EA Xüsusi Astrofizika Rəsədxanasında işlənmiş və hal-hazırda bir çox astronomlar tərəfindən istifadə olunan DECH20 T proqram paketi ilə həyata keçirilir. Eşelle spektroqramlardan istifadə etməklə spektral xətlərin müxtəlif parametrləri (ekvivalent eni, şüa sürəti, yarım eni və s.), ulduzun fiziki parametrləri (effektiv temperatur, səthində sərbəstdüşmə təcili, radiusu və s.), ulduzun kimyəvi tərkibi və s. təyin olunur. Alınmış fiziki parametrlərin dəyişkənliyi araşdırılır. Scargle və Clean proqramlarından istifadə etməklə periodik dəyişkənliklərin olub-olmaması araşdırılır. Son nəticədə ulduzun fiziki halı və təkamül xüsusiyyətləri təhlil olunur.

Fotometrik tədqiqatlar zamanı AMEA N.Tusi adına ŞAR-ın 60-sm teleskopunda, CCD fotometrlə, BVRİ süzgəclərində alınmış rəqəmsal təsvirlərdən istifadə olunur. Bu təsvirlər MaXimDL proqram paketi ilə təhlil olunur.

Tədqiq olunan ulduzların spektral və fotometrik dəyişkənlikləri birgə təhlil olunur. Bu yanaşma ulduzlarda gedən fiziki proseslərin daha dəqiq anlaşmasına imkan verir.

İkinci mövzu üzrə ulduzlarda maqnit sahəsi və kimyəvi anomallıqla bağlı effektlər tədqiq olunur.

Bu mövzu üzrə tədqiqatlar da birinci mövzuda istifadə olunan qurğular və üsullardan istifadə etməklə aparılır.

Müxtəlif maqnit sahəsinə və pekulyarlıq tipinə məsub olan CPM ulduzları və müqayisə məqsədi ilə eyni sinif normal baş ardıcıllıq ulduzları tədqiq olunur.

Maqnit sahəsinin atmosferə təsirlərinin aşkar edilməsi aşağıdakı istiqamətlərdə aparılır:

-  Maqnit sahəsinin kəsilməz spektrə təsiri;

-  Maqnit sahəsinin udulma xətlərinin parametrlərinə ( Wλ , ∆λ , Ro ) təsiri;

-  Maqnit  sahəsinin kimyəvi  anomaliya ilə əlaqəsi və onun  yaranmasında rolu;

Aşkar edilmişdir ki, Balmer sıçrayışı və  kəsilməz spektrin  meyli  normal  ulduzlardan  əhəmiyyətli dərəcədə fərqlənir. Maqnit  sahəsi kəsilməz spektrin ayrı-ayrı oblastlarında ( λλ4100-4200 Å, λλ 5100–5300 Å və λλ6200– 6300Å) depresiyalar yaradır və onların  intensivlik  və dərinlikləri maqnit sahəsindən asılı olaraq artır və əsasən ulduzun fırlanma periodu ilə dəyişir. Maqnit sahəsinin spektral xətlərin əsas   parametrləri–intensivlikləri ,enləri və dərinliklərinə əhəmiyyətli dərəcədə təsir edir. Maqnit sahəsi çoxlu sayda böyük Lande faktorlu  spektral xətlər atmosferin şəffaflığını azaldır və əlavə udulma yaradır.

Maqnit sahəsi ulduzun səthi üzrə fiziki və kimyəvi qeyri-bircinslik yaradır və pekulyar oblastlarda - ləkələrdə hidrostatik tarazlıgı  dəyişdirməklə atmosfer parametrlərinin təzyiqin, sıxlığın, temperaturun dərinliyə görə paylanmalarını dəyişir və uyğun olaraq bütövlükdə  ulduz atmosferinin quruluşunu dəyişdirir.

Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.

Yuxarıda göstərilən iki mövzudan əlavə şöbədə Aviasiya Akademiyası və Azərkosmosla birgə Azərbaycanın nanopeyklərinin buraxılması ilə əlaqədar elmi-tədqiqat işləri aparılır. Artıq bu məsələ ilə əlaqədar bir neçə işçi görüş keçirilmişdir. Bu məqsədlə Kanadanın Monreal Universiteti ilə sıx əlagələr saxlayırıq. Kanadanın nanopeyklərin buraxılması və onlar vasitəsi ilə alınan informasiyanın təhlili sahəsində zəngin təcrübəsi var. Biz bu təcrübəni Azərbaycana gətirmək istəyirik və hal-hazırda bu istiqamətdə ciddi işlər görülür.

Şöbənin əməkdaşları Rusiya, Kanada, Almaniya ölkələrindən olan astrofiziklərlə əməkdaşlıq edir. Hal-hazırda şöbədə iki dissertant ifratnəhəng ulduzlar və Volf-Raye ulduzları sahəsində doktorluq dissertasiyası üzərində işləyir.

Bundan əlavə əməkdaşlar müxtəlif beynəlxaq və yerli konfranslarda iştirak edirlər.