Azərbaycan elminə ağır itki üz verib Mart 29, 2018 | 15:48

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Zeynalov Rəhim Abutalıb oğlu martın 25-də 81 yaşında vəfat edib.

Zeynalov Rəhim Abutalıb oğlu 1937-ci il mayın 20-də Qərbi Azərbaycanın Noyemberyan (Barana) rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. 1959-cu ildə ADU-nun mexanika-riyaziyyat fakultəsini riyaziyyat ixtisası üzrə bitirdikdən sonra Azərbaycan EA Astrofizika Sektoruna (1960-cı ildən Şamaxı Astrofizika Rəsədxanası) işə göndərilmişdir.

Aspiranturada oxuduğu illərdə (1963-1966) R.A.Zeynalov Yerin Süni Peyklərinin (YSP) ilkin dairəvi orbitlərinin təyini məsələsinə baxmışdır. O, ilk dəfə YSP-nin "İki tam müşahidəsi ilə dairəvi orbitlərin təyini (klassik hal)" və sonra "Üç müşahidədən ikisinin zamanı məlum olmadığı (klassik olmayan) halda dairəvi orbitlərin təyini" məsələsini iki üsulla həll etmişdir. R.A.Zeynalov 1969-cu ildə professor Q.A.Cebotaryovun rəhbərliyi altında SSRİ EA Baş (Pulkovo) Astronomiya Rəsədxanasının (S.Peterburq) Elmi Şurasında "Tam və tam olmayan müşahidələrlə Yerin süni peyklərinin dairəvi orbitlərinin təyini" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

R.A.Zeynalov göstərilən tədqiqat işləri ilə yanaşı, müxtəlif illərdə Astronomiya tarixi üzrə xeyli elmi-kütləvi məsələlərlə də məşğul olmuşdur. O, Nikolay Kopernikə qədər "dünya sistemlərini" araşdırmış, H.C.Məmmədbəyli və Ə.Ə.Hüseynzadə ilə "Nikolay Kopernik" kitabının (1973) həmmüəllifi olmuşdur. Elmi-kütləvi mövzuda "Novruz kainatin bayramıdır", "Quyruq doğdu və onun mənşəyi", "Şamaxı Astrofizika Rəsədxanası keçmiş şöhrətini özünə qaytaracaqdır", bununla belə "N.Tusi və Marağa Rəsədxanası" və s. elm tarixi üzrə məqalələr dərc etdirmiş, Azərbaycan Ensiklopediyasında xeyli məqaləsi  dərc olunmuşdur.

R.A.Zeynalov ŞAR-da (1969-1985) böyük elmi işçi vəzifəsində çalışmışdır. Uzun illər rəsədxanada təşkilatçılıq fəaliyyəti göstərmişdir. O, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi işlər üzrə direktor müavini (1991-1997 və 2001-2009-cu  illər), Bakı şəhər bölməsinin (1985- 2009- cu  illər) müdiri vəzifəsində çalışmışdır. Bakı şəhər bölməsinin yaradılmasında onun müstəsna xidmətləri olmuşdur. O, ŞAR-ın Elmi Şurasının üzvü və bir müddət “ŞAR Sirkulyarı"-nın (1991-1997) redaksiya heyətinin üzvü olmuş, 2009-2016- cı illərdə ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, 2016-cı ildən isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. O, ŞAR-ın bütün ictimai həyatında yaxından iştirak etmişdir.

1986-cı ildə “Əmək veteranı” medalı ilə təltif olunmuş, Lütfi Zadə adına Beynəlxalq Müasir EA-nın həqiqi üzvü, Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur.

R.A.Zeynalov onu tanıyanların, əməkdaşlıq etdiyi insanların xatirəsində daim yaşayacaq.  

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.