Rəsədxanada Elm Gününə həsr olunmuş Açıq Qapı günü keçiriləcək Mart 17, 2023 | 12:00

Mart ayının 27-si Azərbaycan elmi ictimaiyyətinin bayramı - Elm Günüdür.

Bu əlamətdar gün ilə əlaqədar keçiriləcək tədbirlər planı çərçivəsində, 27-28 mart 2023-cü il tarixlərində Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Açıq Qapı günü keçiriləcək.

Açıq qapı gününün proqramına Şamaxı Astrofizika Rəsədxanasında gündüz ekskursiyası zamanı muzey və 70 sm-lik teleskopla tanışlıq daxildir.

Ekskursiya əsnasında rəsədxananın təcrübəli bələdçilərinin müşaiyəti ilə ŞAR-ın yenilənmiş muzeyindəki eksponatlar, o cümlədən Elm Günü ilə əlaqədar yaradılmış “Nobelçi Astrofiziklər” guşəsi ziyarətçilərə təqdim ediləcək. Guşədə Nobel mükafatı təsis olunduğu vatxdan bu günədək həmin mükafata layiq görülmüş Astrofizik alimlər və onların elmi nailiyyətləri haqqında məlumatlar yer alır.

Gecə ekskursiyası zamanı isə əlavə olaraq ŞAR-ın 70 sm-lik teleskopunda Ayın və Marsın müşahidəsi nəzərdə tutulub.

Astronomiya elminə marağı olan hər kəsi tədbirimizdə iştirak etməyə dəvət edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.